Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları o deməkdir ki, İrəvan sərhəddə mümkün təxribatlar öncəsi beynəlxalq ictimai rəyi “Azərbaycan müharibəyə başlayacaq” istiqamətində formalaşdırır. Əslində bununla Zəngilan istiqamətindəki təxribatın da hədəfini etiraf etmiş oldu: Bakını adekvat addımlara sövq edərək, hücum edən tərəf kimi göstərirlər, hazırda erməni snayperinin atəş açmasının arxa plana keçirilməsi və məsələni 4 erməni hərbçinin məhv edilməsi üzərində fokuslamaq cəhdləri də bunu isbat edir.
Ermənistanın məqsədi sərhəddə vəziyyəti öz xeyrinə dəyişməkdir, Paşinyan bunu açıq şəkildə dilə gətirir: sərhəddə “güzgü prinsipi” tətbiq edilməli - qoşunlar geri çəkilməlidir; sərhədin delimitasiyası SSRİ dağılanda mövcud xətlər üzərində aparılmalıdır;
Bunu dəfələrlə səsləndirən İrəvan sərhəddəki son hadisələrdən sonra yenidən aktuallaşdırır. Və Paşinyan iki variant təklif edir:
- demarkasiya bütün sərhəd xətti boyunca aparılır;
- demarkasiya hər bir region üzrə ayrı-ayrı aparılır;
Lakin hər iki halda İrəvan “güzgü prinsipi” şərtini irəli sürür. Birinci variantda qoşunlar bütün sərhəd boyunca, ikinci variantda konkret regionlar üzrə geri çəkilir, həmin ərazidə sərhəd müəyyən edildikdən sonra qurulan yeni xəttə dayanırlar. Ermənistan bu hədəfinə nail olmaq üçün məhz “demarkasiya” üzərində dayanaraq, hiyləgər gediş edir.
Demarkasiya sərhədin xəritələr üzərində müəyyən edilməsi deməkdir: İrəvan SSRİ-nin son xəritələri, yaxud ittifaq dağılanda mövcud xətləri əsas götürərək, sərhədi kağız üzərində müəyyənləşdirib, qoşunların geri çəkilməsinə nail olmaq istəyir.
Bakı prosesin delimitasiya üzərindən aparılmasını istəyir: sərhəd yerlərdə müəyyən edilir, daha sonra buna uyğun xəritə formalaşdırılır və müqavilə imzalanır. Çünki Azərbaycan ordusu müharibədən sonra dövlət sərhədinə çıxıb və əsas strateji yüksəliklərə nəzarət edir. Sərhəd komissiyalarının Ermənistanda “demarkasiya”, Azərbaycanda “delimitasiya” adlandırılması da bu fikir ayrılığından qaynaqlanır.
İrəvan anlayır ki, Bakı qoşunların geri çəkilməsini və sərhədin onların istədiyi formada müəyyən edilməsini qəbul etməyəcək. Məsələnin bu cür qalması Bakı üçün problem yaratmır, çünki sərhəddə üstünlük Azərbaycan ordusunun əlindədir. İrəvan iki seçim qarşısında qalıb:
- ya sərhəddəki vəziyyətlə barışmalı və Bakının delimitasiyanı sonraya saxlayaraq, sülh sazişini imzalamaq təklifini qəbul etməlidir;
- ya da sərhəd delimitasiyasını sülh sazişi çərçivəsində aparmağa nail olmalıdır;
Birinci seçim İrəvanın planına uyğun deyil, ikinci seçimi isə reallaşdıra bilmir. Bu halda Ermənistan sərhəddə eskalasiya yaratmaq və Qərb tərəfdaşlarını da oyuna daxil edərək, Bakıya təzyiq etmək şansını dəyərləndirir. Bu kontekstdə son təxribatı başlanğıc hesab etmək olar. Paşinyanın “Azərbaycan sərhədin bəzi hissələrində hərbi əməliyyatlara başlaya, sonradan bunu müharibəyə çevirə bilər” iddiası da bundan qaynaqlanır.