hia.az
hia.az

“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı

45 dəfə baxılıb 19-05-2023, 22:34

“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı


Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib. O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib: "İsgəndəri Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İsgəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, Rəşad dedi ki, fikir vermə. Ondan sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, təcili Rəşadla görüşməliyəm, sonra gec olacaq. Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İsgəndər mənim nömrəmi bloka atdı.

Hadisə günü gecə saat 4-də Rəşad mənə zəng vurdu. Küçəyə çağırdı, dedi ki, evdən gödəkçəmi gətir. Rəşad nazik geyinmişdi, mən evə çıxıb gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum, telefonu açmadı. Haradasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Dedi İsgəndəri öldürdüm, məni polisə təslim et. Soruşdum ki, niyə öldürdün, dedi heç nə bilmirəm, bir də baxdım ki, İsgəndər qan içindədir.

Rəşad heç vaxt üstündə bıçaq gəzdirməzdi. Hətta mənə deyirdi ki, Yasamal uşağısan, birdən üstündə bıçaq gəzdirərsən".

Prosesdə ifadə verən digər şahid Yaşar Abdullayev isə bildirib ki, Rəşad Dağlı bıçağı onun mağazasından alıb: "Hadisə günü gecə Rəşad mağazaya gəldi. Mən mağazada olmamışam, oğlum olub. Gəlib bizim mağazadan suvenir bıçağı alıb gedib. Səhər eşitdim ki, Rəşad qətl törədib".
Prosesdə daha iki şahid dindirilməli olsa da, onlar məhkəməyə gəlməyib. Məlum olub ki, onlardan biri hərbi xidmətdədir. Rəşad Dağlının vəkili Elvin Əliyev həmin şahidlərin dindirilməsinin vacib olduğunu vurğulayıb.

Proses iyunun 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda məhkəmə prosesi davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi