hia.az

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

3 dəfə baxılıb Bu gün, 17:22

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Oyuncaqlar təyinatı üzrə istifadə edildikdə istifadəçilərin həyat və sağlamlığına təhlükə yaratmayacaq şəkildə hazırlanmalı və istehsal edilməli, habelə aşağıda qeyd olunan hallarla əlaqədar hər hansı riskin olmaması təmin edilməlidir:

- oyuncağın konstruksiyasına görə;

- istifadə olunan materiallara görə;

- oyuncağın funksiyasını və əsas xüsusiyyətlərini dəyişdirmədən, materialı əvəz etmədən konstruksiyasının dəyişdirilməsi mümkün olmayan istifadəsinə görə.

Oyuncaqlardan istifadə edilən zaman yaranan risklər uşaqların yaş xüsusiyyətlərinə uyğun olmalıdır.

Oyuncaqların materiallarına dair tələblər aşağıdakılardır:

- oyuncaqların hazırlandığı materiallar təmiz və infeksiyaya yoluxmamış olmalıdır;

- 3 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda təbii xəzdən, təbii dəridən, şüşədən, farfordan (çinidən), xovlu materiallardan (rezin, karton və kağızdan), ölçüləri 3 millimetr və ya daha az olan daxili çexolsuz qranullardan, rütubətli mühitdə ölçüləri 5 faizdən çox artan çınqıldayan oyuncağa bənzər oyuncaq doldurucularından istifadə edilməməlidir;

- yaşa qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda zərərli maddələr və onların miqrasiya səviyyəsi bu Texniki Reqlamentlə müəyyən edilir;

- oyuncaqların istehsalında təkrar emal nəticəsində əldə olunmuş xammaldan istifadə edilməməlidir.

- Oyuncaqların istehsalı zamanı onların öz istehsalından yaranan tullantıların istifadəsinə yol verilir;

- oyuncağın qoruyucu və dekorativ örtüyü nəmə, ağız suyuna və tərə davamlı olmalıdır.

Orqanoleptik göstəriciləri olan oyuncaqlar gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmalıdır.

Oyuncaqların təhlükəsizliyinin fiziki və mexaniki göstəricilərinə dair tələblər aşağıdakılardır:

- təyinatı üzrə istifadə edildikdə oyuncaqlar və onların bərkidici detalları da daxil olmaqla, tərkib hissələri mexaniki yüklərə tab gətirməli, xarab olmamalı və istehlak xüsusiyyətlərini qoruyub saxlamalıdır;

- əlçatan kənarlar, iti uclar, sərt detallar, yaylar, bərkidici detallar, boşluqlar, künclər, çıxıntılar, qaytanlar, kəndirlər və bərkidicilər uşağın zədələnmə riskini istisna etməlidir;

- oyuncaqlarda maye doldurucu sızmamalıdır;

- oyuncaqların hərəkət edən hissələri uşaqların zədələnmə riskini istisna etməli və ötürücü mexanizmlər uşaqlar üçün əlçatmaz olmalıdır;

- 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar və onların çıxarıla bilən hissələri, habelə bilavasitə qida məhsullarına bərkidilən oyuncaqlar uşaqların yuxarı tənəffüs yollarına düşməsinin qarşısını alacaq ölçüdə olmalıdır;

- doldurulmuş yumşaq oyuncaq sərt və ya iti yad cisimlərlə təchiz olunmamalı və oyuncağın tikişləri bərk olmalıdır;

- qida məhsullarında olan və (və ya) qida məhsulu ilə birlikdə pərakəndə satışa buraxılan oyuncaq qablaşdırılmış olmalı, bu qablaşdırmalar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və bu Texniki Reqlamentin tələblərinə uyğun olmalı, habelə onların ölçüləri uşaqların həyat və sağlamlığı üçün təhlükə yaratmamalıdır. Qida məhsulunun qablaşdırmasının üzərinə qablaşdırması olmayan oyuncağın xaricdən yerləşdirilməsinə yol verilir;

- oyuncaq və oyuncağın tərkib hissələri uşağın boğulma riskini istisna etməlidir;

- uşağın başını tam örtən, hava keçirməyən materialdan hazırlanan maskalar və dəbilqələr kifayət qədər havalandırma olmaması səbəbindən boğulma riskini aradan qaldıracaq şəkildə hazırlanmalı və istehsal edilməlidir;

- suyun səthində uşağın bədənini dəstəkləmək üçün nəzərdə tutulan oyuncaq, hava keçirməməsi üçün kip və möhkəm şəkildə hazırlanmalı və istehsal olunmalıdır;

- uşağın içərisinə sığa biləcəyi və onun üçün qapalı məkanı təmsil edən oyuncaq içəridən rahat açıla bilən çıxış dəliyinə, habelə havalandırma dəlikləri olan səthə malik olmalıdır;

- uşağın bədəninin ağırlığını daşımaq və sürülmək üçün nəzərdə tutulmuş oyuncaq (ikitəkərli velosipedlər istisna olmaqla) bərk və dayanıqlı olmalıdır. Sərbəst dönmə mexanizmi və ya neytral mövqeli sürət qutusu olan mexaniki və ya elektrikli hərəkətötürücülü oyuncaqlarda əyləc qurğusu olmalıdır. Uşaqların bədən ağırlığını daşımaq və sürülmək üçün nəzərdə tutulan, təkərləri birbaşa uşağın əli və ya ayağı ilə və ya mexaniki hərəkətötürücü ilə hərəkətə gətirilən oyuncaqların və elektrikli hərəkətötürücü ilə təchiz edilmiş oyuncaqların əyləc qurğusu olmadan istehsalına icazə verilir;

- zəncir ötürücüsü olan oyuncaqlar qoruyucu ilə təchiz olunmalıdır;

- uşağın bədəninin ağırlığını daşımaq və sürülmək üçün nəzərdə tutulmuş oyuncaqların dəstəkləyici səthində sürüşmənin qarşısını alan elementlər olmalıdır;

- uşağın bədəninin ağırlığını daşımaq üçün olan, lakin sürülmək üçün nəzərdə tutulmayan oyuncaq çevrilməyə qarşı möhkəm və dayanıqlı olmalıdır. Asma yelləncəklər dözümlü olmalı, yelləncəyin oturacağı 3 yaşa qədər uşaqların yıxılmasının qarşısını alacaq konstruksiyaya malik olmalıdır;

- tətik mexanizminin başlatma qurğusunun köməyi ilə buraxılan, habelə kinetik enerjiyə sahib olan mərmili oyuncaqlarda, mərmi istifadəçinin zədələnmə riskini ən aşağı səviyyəyə endirməlidir;

- 10 yaşa qədər uşaqların quraşdırması üçün nəzərdə tutulan konstruktorların və modellərin lehimlənməsinə icazə verilmir;

İstilik elementləri ilə təchiz edilmiş oyuncaqların istehsalı zamanı aşağıdakılar nəzərə alınmalıdır:

- təmas üçün əlçatan bütün səthlərin temperaturu təmas zamanı yanıqlara səbəb olmamalıdır;

- infraqırmızı şüalanmanın inteqral axınının intensivlik səviyyəsi bu Texniki Reqlamentlə müəyyən edilən gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmalıdır;

- kənarlaşma zamanı yanıqlara və ya digər xəsarətlərə səbəb ola biləcək oyuncaqların tərkibində olan mayelər, buxarlar və ya qazlar (bu kənarlaşma oyuncağın funksional istifadəsi üçün qaçılmaz olduğu halda) yüksək temperatura və ya təzyiqə malik olmamalıdır;

- vibrasiya mənbəyi olan oyuncaqlarda yerli vibrasiya səviyyəsi və səsli oyuncaqlarda olan səs səviyyəsi bu Texniki Reqlamentlə müəyyən edilən gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmalıdır;

- uşağın ağzı ilə birbaşa təmasda olan çınqıldayan oyuncaqların və digər oyuncaqların səthinin rənglənməsinə və naxışlanmasına icazə verilmir;

- masaüstü çap oyuncaqlarında mətn və təsvirlər əsas fona münasibətdə aydın və kontrastlı olmalıdır. Çap prosesi zamanı qurumamış mürəkkəbin vərəqin səthindən digər və ya arxa səthə keçməsinə yol verilməməlidir;

- optik oyuncaq uşağın görmə korreksiyası ilə bağlı riski ən aşağı səviyyəyə endirəcək şəkildə hazırlanmalı və istehsal olunmalıdır;

- LED işıqlandırmadan istifadə edilən oyuncaqlar uşağın görmə qabiliyyətinə mənfi təsir göstərməməli və zərərli şüalanmaya səbəb olmamalıdır;

- oyuncaqlarda lazer şüalanma sistemlərindən istifadə edilməməlidir.

Oyuncaqların alışma riskinin aradan qaldırılması üçün aşağıdakılar nəzərə alınmalıdır:

- doldurulmuş yumşaq oyuncaqlar, karnaval kostyumları, karnaval oyuncaqları (saqqal, bığ, parik, tac, maska və. s), habelə uşağın içinə sığa biləcəyi oyuncaqlar alışmaya davamlı olmalıdır;

- kimyəvi maddələr daxil olan (kimyəvi təcrübələr üçün dəstlərə aidiyyəti olmayan) oyun dəstlərində qarışdırılma zamanı alovlana bilən, habelə zərərli qazlar və buxarlar əmələ gətirən kimyəvi maddələr və reaktivlər olmamalıdır;

- oyuncağın partlama təhlükəsi olmamalı və ya oyuncağın istifadəsi zamanı partlama təhlükəsi yaradacaq tərkib hissələrinə (maddələr, materiallar) malik olmamalıdır;

- kimyəvi oyuncaqlar da daxil olmaqla, oyuncaqlarda aşağıdakı maddələr və reaktivlər olmamalıdır:

- oksidləşdirici maddələrlə birləşmə zamanı, habelə qızdırılma zamanı reaksiya nəticəsində partlayıcı qarışıqlar əmələ gətirə bilən maddələr və reaktivlər;

- alışma və ya partlama təhlükəsi olan buxar və hava qarışıqları əmələ gətirə bilən maddələr və reaktivlər.

Oyuncaqların kimyəvi xassələrinə dair tələblər aşağıdakılardır:

- oyuncaqlardan istifadə zamanı kimyəvi maddələrin tənəffüs yollarına, dəriyə, selikli qişaya, gözlərə və ya mədəyə daxil olması nəticəsində sağlamlığa zərər vurma riski minimum səviyyədə olmalıdır;

- oyuncaqların sanitar-kimyəvi göstəriciləri bu Texniki Reqlamentlə müəyyən edilən gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmalıdır;

- kimyəvi maddələr daxil olan (kimyəvi təcrübələr üçün dəstlərə aidiyyəti olmayan) oyun dəstlərində və kimyəvi oyuncaqlarda tərkibi hər bir maddə üçün müəyyən edilən maksimum miqdardan artıq olmayan həddə maddələrin və ya reaktivlərin istifadəsinə icazə verilir.

Oyuncaqların elektrikli xassələrinə dair tələblər aşağıdakılardır:

- elektrikli oyuncaqda, habelə onun hər hansı hissəsində nominal gərginlik 24 V-dan çox olmamalıdır;

- elektrik cərəyanının vurma riskini aradan qaldırmaq üçün oyuncaqların elektrik enerjisi mənbəyi ilə təmasda olan və ya təmasda ola biləcək hissələri, habelə kabellər, məftillər izolyasiya olunmalı və elektrik şoku riskini aradan qaldırmaq məqsədilə mexaniki qorunmalıdır;

- radioidarəetmə sistemi ilə təchiz olunan, elektron və elektrik oyuncaqlarının elektrostatik, elektromaqnit və elektrik sahələrinin intensivlik səviyyələri bu Texniki Reqlamentlə müəyyən edilən gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmalıdır;

- uçan oyuncaqlar üçün qaytanlar qeyri-metal tərkibli olmalı və dielektrik xüsusiyyətlərə malik olmalıdır.

Təbii materiallardan hazırlanmış oyuncaqlara dair radiasiya təhlükəsizliyi göstəriciləri (təbii radionuklidlərin xüsusi səmərəli (effektiv) aktivliyi) bu Texniki Reqlamentlə müəyyən edilən gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmalıdır.

Oyuncağa bərkidilməyən maqnit və maqnit elementlərinin maqnit selinin göstəriciləri 0,5 Tl2 mm2

-dən çox olmamalı və ya elə ölçüdə olmalıdır ki, tənəffüs yoluna düşməni və boğulmanı istisna etsin.

Oyuncağın növündən asılı olaraq etiketləmədə tamlıq (oyun dəstləri üçün), oyuncağın istifadə qaydaları, təmizləmə üsulları (oyuncağın materialından asılı olaraq onun dezinfeksiyası, yuyulması və ya çirklərdən təmizlənməsi prosesi), oyuncaqla işləyərkən təhlükəsizlik tədbirləri, xəbərdarlıq bildirişləri və quraşdırma təlimatları haqqında məlumatlar göstərilir.Xəbərdarlıq bildirişində oyuncaqdan istifadə zamanı bu Texniki Reqlamentlə müəyyən edilən tələblər əks olunmalıdır. Oyuncaq dəstinə (konkret bir mövzuya və ya personaja aid olan oyuncaqlar qrupu) daxil olan etiket və texniki sənədlər Azərbaycan Respublikasının dövlət dilində olmalıdır.

İstehsal mərhələsində olan və istehlak bazarına dövriyyəyə buraxılmazdan əvvəl oyuncaqların bu Texniki Reqlamentin tələblərinə uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma üsulu ilə aparılır.

Sertifikatlaşdırma akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

Bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının ona şamil edilən digər texniki reqlamentlərin tələblərinə cavab verən və uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçən oyuncaqlar Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmalıdır. Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanma oyuncaqlar istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl həyata keçirilir.

Bu Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi