Qapalı məkanda qalmaq qorxusu psixologiyada klaustofobiya adlanır. Bu hal daha çox şaxtalarda, tunellərdə, qalın və sıx meşələrdən keçərkən baş verir. Həmçinin liftlərdən istifadə zamanı özünü büruzə verir. Həmin məkanlarda nəfəs darlığı, baş gicəllənmə, göz qaralma kimi hallar yaranır. Mütəxəssislər bunu daha çox düşüncələrin düzgün idarə olunmaması ilə əlaqələndirirlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın verdiyi məlumata görə, belə fobiyanın yaranmasında çox vaxt genetik faktor rol oynayır, lakin uşaq yaşlarında müxtəlif travmaların yaşanması da ciddi əhəmiyyət kəsb edir: “Bəzən valideynlər uşağa cəza verərkən onu qaranlıq otağa, zirzəmiyə salır, yaxud vahiməli filmlərdəki səhnələrlə qorxudur və bu halda bəzən nəfəs darlığı deyilən bir düşüncə yaranır. Əslində isə yaranan nəfəs darlığı yox, həyəcan pozuntusudur”.
Həmin halın müalicəsinə fobiyanın yaranma səbəbi müəyyən etdikdən sonra başlamaq olar. Psixoloq bildirib ki, həmin qorxu müxtəlif mərhələlərlə aradan qaldırılır: “İlk növbədə, düşüncələr üzərində koqnitiv iş aparılmalıdır. Sonra isə ev tapşırığı olaraq ekspozisiyalar verilir. Məsələn, əvvəlcə açıq liftə girib çıxmaq lazımdır, ikinci tapşırıq liftə minəndə özünə nəzarəti saxlamaq şərtilə dərindən nəfəs alaraq bir mərtəbə qalxıb-düşməkdən, sonrakı tapşırıq isə iki, üç və daha çox mərtəbə qalxıb-enməkdən ibarət olur”.
Liftin dizaynı da fobiyanın aradan qaldırılmasında rol oynayır. İçəridə güzgünün olması fikri bir qədər yayındıraraq qismən də olsa, qorxudan uzaqlaşmağa səbəb olur. Lakin bütün cəhdlərə baxmayaraq, düşüncələri idarə etmək mümkün və müxtəlif narahatlıqlar yaranırsa, onda müalicə dərman vasitəsilə aparılır.