"Sahə inspektorlarının fəaliyyət ərazisinin müəyyən edilməsi onların xidmətinin təşkilində əsas rol oynayır. İstər sovetlər dövründə, istərsə müstəqillik əldə etdikdən sonra sahə inspektorlarının fəaliyyət ərazisi qeyri-müəyyən olub".
Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov deyib.
Şöbə müdiri bildirib ki, geniş ərazidə xidmət aparılması sahə inspektorunun fiziki imkanları xaricində olmaqla xidmətin təşkilində problemlər yaradır, sahə inspektoru bu kəndlərə bəzən aylarla gedə bilmirdi.
"Beləliklə, sahə inspektorunun cavabdehliyi şərti xarakter daşımaqla, inzibati ərazidə hadisə baş verdikdə gəlmə halı istisna olmaqla profilaktik iş aparılmır, ərazidə digər hüquqpozmalar və qanunazidd hərəkətlər qeydə alınmırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bu sahədə yeni yanaşma – 1 icra nümayəndəsi – 1 sahə inspektoru prinsipinin tətbiq edilməsinə başlanıldı. Lakin nazirliyin əvvəlki hər iki rəhbərliyi bu yanaşmanın əhəmiyyətini dərk etmədiyindən tətbiqi tam həyata keçirilə bilməyib. Hazırda ilk dəfə olaraq muxtar respublikada həyata keçirilməyə başlanıb".
Qeyd olunub ki, 1 noyabr 2021-ci il tarixdə təsdiq edilən yeni ştat strukturunda qeyd edilən istiqamət nəzərə alınaraq bir inzibati ərazi dairəsinə 1 sahə inspektoru nəzərdə tutulub, böyük qəsəbə və kəndlərdə, şəhərlərdə isə əhali sayı nəzərə alınmaqla sahə inspektorları bölünüb. Bununla da 1 sahə inspektoru – 1 icra nümayəndəsi prinsipinin tətbiqi üçün tam komplektləşmə aparmaq mümkün olub. Əvvəllər isə sahə inspektorlarının əvəzinə digər xidmətlərin ştat sayının artırılması işdə dönüş yaratmayıb, əksinə polis əməkdaşlarının özləri tərəfindən qanunazidd əməllərə yol verilməsinə səbəb olub.