hia.az

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

0 dəfə baxılıb Bu gün, 14:41

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

İyul ayının 27-si Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə baş tutan telefon danışığına ikitərəfli təmas yox, Moskva və İrəvan arasında dərinləşən böhran prizmasından baxmaq lazımdır. Diqqət etmək lazımdır ki, Ermənistanda keçirilən parlament seçkilərindən ay yarımdan çox vaxt keçsə də, Putin hələ ki Paşinyanı seçkidə qələbə qazanması münasibətilə təbrik etməyib. Son aylarda isə Rusiyanın Ermənistandan idxal olunan müxtəlif məhsullara (gül, konyak, su, meyvə-tərəvəz və s.) qadağa qoyması erməni iş adamları və hökumətinin iqtisadi sıxıntı yaşamasına səbəb olub. Hələ bu da azmış kimi, iyulun 14-dən 21-dək Ermənistanda təftiş aparan "Rosselxoznadzor" müfəttişlərinin iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının ixracına tam qadağa qoyması, əslində kəskin ultimatum idi.

İri şirkətlərə 2023-cü ildə qoyulan qadağanın 2026-cı ilin aprel ayında ləğv edilməsindən cəmi 3 ay sonra verilən bu qərar ciddi rezonansa səbəb olub. Avropada heç bir rəqabət gücü olmayan, Asiya bazarlarına isə çıxışı aylarla sürən mürəkkəb logistika tələb edən tez xarab olan pendir və süd məhsullarının Rusiya bazarına buraxılmaması Ermənistanın aqrar sektoru üçün ciddi zərbədir. Bu qadağadan Rusiya istehlakçıları zərər görmür, çünki Belarus süd məhsulları Ermənistandan ixracı rahatlıqla əvəzləyə bilir. İrəvan üçün isə bu qərar həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) vahid bazar prinsiplərinin pozulması deməkdir. Məhz bu soyuq diplomatik və iqtisadi təzyiq mühitində Paşinyanın öz təşəbbüsü ilə Kremlin qapısını döyməsi İrəvanın ciddi asılılıqdan əziyyət çəkməsinin göstəricisidir.

Seçkiqabağı çıxışlarında birmənalı olaraq qərbyönlü kurs götürdüklərini bəyan edən Paşinyan, seçkidən sonra reallıqla hesablaşmağa məcbur olub. O, öz aləmində çoxvektorlu xarici siyasət yürütməyə çalışsa da, xaotik bir vəziyyət yaradıb. Gah İrana, gah Rusiyaya, paralel olaraq da Aİ ölkələrinə və Ərəb körfəzinə edilən diplomatik gedişlər əslində İrəvanın strateji dalana dirəndiyini göstərir. Uzun illər tək bazardan-Rusiya bazarından asılılıq, alternativ bazarlarla maraqlanmama, keyfiyyət standartlarını yeniləməmə, ən əsası isə Azərbaycan və Türkiyə ilə vaxtında normal əlaqələr qurub sərhədi və nəqliyyat kommunikasiyalarını açmamaq bu gün Ermənistana baha başa gəlir.

Moskva ilə münasibətləri gərginləşdirib alternativ bazar axtarışına çıxan İrəvan acı reallıqla üz-üzə qalıb. Sertifikasiya standartları, uzun yollar, logistika məsələləri tez xarab olan erməni aqrar məhsullarının bu bazarlara çıxışını demək olar imkansız edir. Moskvanın bir rəsmi qərarı ilə bütün ixrac kanalları bağlanan İrəvan başa düşür ki, Qərbə və ya Yaxın Şərqə verilən siyasi vədlər ölkə daxilində çürüyən kənd təsərrüfatı və balıqçılıq məhsullarını xilas etməyə yetmir. Bu səbəbdən də Paşinyanın Putinə zəngi iqtisadiyyatı və ixracı xilas etmək üçün son çarə kimi dəyərləndirilməlidir.


Amma iki liderin telefon danışığı Ermənistan üçün nəfəslik rolunu oynamadı. Paşinyan telefon danışığı zamanı Rusiya bazarında erməni məhsullarına qoyulan məhdudiyyətlərin ikitərəfli müqavilələrə və Aİİ qaydalarına zidd olduğuna vurğu edib. Eyni zamanda o, Putindən bu qadağaların aradan qaldırılması üçün şəxsən müdaxilə etməsini xahiş edib. Erməni baş nazirin bu xahişi əslində göstərir ki, Aİİ kimi təşkilatlar kağız üzərində hüquqi norma təklif etsə də, əslində hər şey Kremlin birbaşa siyasi iradəsindən asılıdır. Bu gün Moskva ticarət sanksiyalarını, "Rosselxodnazor"un qərarlarını, fitosanitar uyğunsuzluğu təzyiq silahına çevirərək, Ermənistanda fermerlər və iş adamları arasında hökumətə qarşı narazılıq yaratmaq, Paşinyan iqtidarına qarşı daxili sosial gərginlik ocaqlarını daha da alovlandırmaq niyyətini güdür. Bu gərginlikləri yaratmaq üçün isə Kremlin kifayət qədər gücü və aləti var. Həm də bu problemlər Moskvanın erməni seçiciyə olan qəzəbinin də göstəricisi sayıla bilər. Çünki nə Köçəryan, nə Samvel Karapetyan, nə də Tsarukyan seçkilərdə ciddi nailiyyət əldə edə bilmədilər. Rusiyayönlü müxalifətin (əslində revanşistlərin) seçkidə acı məğlubiyyəti Kremlin İrəvandakı proksi siyasətinin iflası deməkdir. Hazırda isə ölkədə yaradılan gərginlikdən gələcəkdə istifadə etmək taktikası da izlənilə bilər. Kreml Ermənistandan idxal qadağaları ilə yaratdığı sosial-iqtisadi böhrandan gələcəkdə bir sıra məqsədlər üçün də istifadə edə bilər.

İki liderin telefon danışığı zamanı ən diqqət çəkən məqam isə Putinin ticarət problemlərini kənara qoyaraq Paşinyanı seçim qarşısında qoymasıdır: "Aİ yoxsa, Aİİ". Bu isə əslində çox incə hesablanmış siyasi tələ hesab edilməlidir. Əgər Ermənistanda referendum keçirilib Aİ-yə üstünlük verilsə, Moskva dərhal hərəkətə keçərək, ucuz qaz və gömrüksüz ticarət imtiyazlarını ləğv edərək, Ermənistanı iqtisadi kollapsa uğradacaq. Elə danışıq zamanı da Putinin Aİİ-nin 29 may Astana sammitində dörd liderin (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan) qəbul etdiyi birgə bəyanata istinad edərək Kremlin Paşinyandan Aİ referendumunun keçirilmə vaxtını təcili dəqiqləşdirməyi tələb etməsi, Moskvanın Ermənistanın Aİİ-dən mümkün çıxış prosesinə qabaqcadan mane olmaq və İrəvanı siyasi küncə sıxışdırmaq istəyindən xəbər verir. Moskva yaxşı anlayır ki, İrəvanın Aİ ilə yaxınlaşması təkcə siyasi bəyanatlarla kifayətlənməyəcək, gec-tez Aİİ-dən imtina ilə nəticələnəcək. Bu səbəbdən Kreml referendum tələbini vaxtından əvvəl masaya qoymaqla Paşinyan hökumətini hələ iqtisadi və təhlükəsizlik baxımından tam hazır olmadığı bir reallıqda "ya Aİ, ya Aİİ" seçimi etməyə məcbur edir.

Paşinyan da öz növbəsində Putinin bu tələbinə "Referendum yalnız Ermənistan rəsmi şəkildə Aİ-yə üzvlük müraciəti etdikdən və məsələ predmeti konkretləşdikdən sonra praktiki olaraq mümkündür" cavabı da diplomatik gedişdən başqa bir şey deyil. Erməni siyasətçi bu cavabla vaxt udmaq, Kremlin kəskin ritorikasını yumşaltmağı hədəfləyir. Çünki referendumla bağlı müsbət cavab yuxarıda adıçəkilən kollapsla nəticələnə bilər. Referendumdan imtina isə Qərbin ciddi narazılığına və siyasi təzyiqinə səbəb ola bilər. Bu səbəbdən də vaxt udmaq və diplomatik gedişlə Paşinyan hüquqi prosedurları bəhanə edir, Aİ ilə danışıqları ləğv etmir, Moskvanın da iqtisadi qisasını yumşaltmağa çalışır. Bu diplomatik gediş isə əslində İrəvanla Moskva arasında etimadın tam sarsıldığını göstərir. Böhran isə müvəqqəti olaraq təxirə salına bilər.

Yekun olaraq, demək olar ki, 27 iyul telefon danışığı Moskva və İrəvan arasında strateji müttəfiqliyin iflasa uğradığını bir daha sübut etdi. Rusiya nümayiş etdirdi ki, iqtisadi alətlərdən təzyiq vasitəsi kimi istifadə edərək, Ermənistanın nəinki daxili və sosial mühitinə, eyni zamanda xarici siyasətinə də təzyiq etmək niyyətindədir. Elə iki lider arasında danışıqların keçirildiyi gün "Rosselxoznadzor" Belarusdan alkoqolsuz içkilər adı altında Rusiya Federasiyasına 39 mindən çox erməni qızılgülünün qanunsuz idxalının qarşısının alındığını bildirib. Bu da göstərir ki, Moskva istəyinə nail olana qədər təzyiqdən əl çəkməyəcək. Paşinyanın zəngi və Rusiya liderindən istəyi də göstərir ki, Ermənistan Qərbə inteqrasiyada maraqlı olsa da, Şimalın iqtisadi rıçaqlarından qurtula bilmir. Moskva təzyiqdə israrlılığını, Paşinyan isə iqtisadi təzyiqləri yumşaltmaq üçün dialoq axtarışında olsa da, Kremlin siyasi şərtlərini qəbul etmədiyini önə çıxarır...(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi