Təhsil infrastrukturunun müasirləşdirilməsi çərçivəsində Masallı rayonu Qəzvinoba kənd 180 şagird yerlik tam orta məktəbin yeni inşa edilən binası istifadəyə verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müasir memarlıq üslubunda tikilən bina funksionallığı, təhlükəsizliyi və tədris imkanları ilə seçilir.
"Yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Məktəbdə 14 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 2 laboratoriya və 2 əmək otağı yaradılıb. Şagirdlərin bilik və bacarıqlarının genişləndirməsi üçün informatika və çağırışaqədərki hazırlıq kabinetləri, eləcə də kitabxana və oxu zalı fəaliyyət göstərir.
Təhsil ocağında sosial-inzibati infrastruktur da tam şəkildə qurulub. Məktəbdə akt zalı, yeməkxana, müasir tələblərə cavab verən idman zalı istifadəyə verilib. Binanın bütün mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb. Qəzvinoba kəndində yeni məktəb binasının istifadəyə verilməsi şagirdlər üçün rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir", - məlumatda qeyd olunub.