hia.az
hia.az

Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir

4 dəfə baxılıb 18-12-2025, 09:59

Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir


Borc faizindən faiz tutulması qanunaziddir.

Bu barədə Ali Məhkəmənin qəbul etdiyi borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərarında qeyd olunub.

Bildirilib ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.

Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşıb, daha sonra hər iki tərəfin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə baxılıb.

Qərarda vurğulanıb ki, Mülki Məcəllənin 445.7 və 449-cu maddələrinin məzmununa görə gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması "faizdən faiz" tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.

Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.

Eyni zamanda bildirilib ki, kassasiya instansiyasının səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Bu baxımdan, apellyasiya instansiyasının sübutlara verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib.

Beləliklə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi