hia.az
hia.az

Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH

22 dəfə baxılıb 17-04-2024, 15:30

Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH

Fransa, daha doğrusu onun prezidenti Emmanuel Makron hər vəchlə Azərbaycanla münasibətləri korlamağa çalışır. Az qala, bütün Yelisey sarayı ölkənin problemlərini bir kənara qoyaraq Ermənistanı və onun məsələlərini prioritet kimi götürüb. Afrikadakı keçmiş müstəmləkələrindən biabırcasına qovulan dövlət daxili və xarici problemlərin məngənəsində çabalasa da, nə hikmətdirsə, rəsmi Paris üçün ön sırada Ermənistan gəlir.

Normal hökumətlər ölkəsində baş verən proseslərdən nəticə çıxarmağa çalışır, prioritetləri ona uyğunlaşdırırlar. Fransa prezidenti isə nəinki baş verənlərdən dərs çıxarır, əksinə, uğursuzluqlarını daha da artırır.

Aprelin 16-da bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycandakı səfirini geri çağırıb. Artıq səfir Ann Buayonun Fransada olduğu və prezident Emmanuel Makronun da onu qəbul etdiyi bildirilir. Fransa XİN-in yaydığı məlumatda iddia olunub ki, qərara səbəb Azərbaycanın “birtərəfli” qaydada atdığı addımlardır. Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasını onun Azərbaycana qarşı qərəzli siyasətini davam etdirməsinə daha bir sübut saymaq olar.

Maraqlıdır, Paris Azərbaycanın atdığı hansı addımları “qərəzli” və “birtərəfli” sayır? Əvvəla, rəsmi Bakı dəfələrlə Fransa tərəfinin təxribatçı addımlarının ikitərəfli münasibətlərə zərər vuracağı barədə xəbərdarlıq edib. Münasibətlərin də indiki vəziyyətə düşməsinin səbəbkarı məhz Fransadır. Azərbaycan hər zaman tərəfdaşları ilə əlaqələrdə səmimi və açıq davranıb. Fransanın qərəzinə və ikili siyasətinə baxmayaraq, ölkəmiz dəfələrlə barışıq əlini uzatmağa hazır olduğunu diqqətə çatdırıb. Makron hökuməti isə göründüyü kimi, uzadılan ələ qarşı diplomatik nümayəndəsini geri çağırmaqla cavab verir.

Bütövlükdə, Yelisey sarayının dördillik fəaliyyətini birmənalı şəkildə Azərbaycanofob və qatı ermənipərəst addımların atıldığı dövr kimi qiymətləndirmək olar. Götürək elə Fransa parlamentinin artıq mövcud olmayan “Artsax”ı dirçəltmək cəhdini. Məsələn, Parisdə keçmiş qondarma qurumun "nümayəndəliyi" fəaliyyət göstərir. 44 günlük müharibə zamanı və sonrakı müddətdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamələrin qəbuluna çalışması, fransalı siyasətçilərin, rəsmilərin təxribatçı çıxışları da bura daxildir. Çıxışçılar sırasında Paris meri Ann İdalqo, deputat Natali Luazo və hətta geri çağırılan səfir də var. Fransanın etdikləri sırasına Ermənistanın silahlandırılması, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandal hərəkətlər də daxildir. Siyahını daha da uzatmaq olar.

Bütün bunlar onu deməyə əsas verir ki, başını itirmiş vəziyyətdə olan Fransa hökuməti məsuliyyətsiz, qeyri-standart qərarlar qəbul edir, Azərbaycanın otuzillik işğala son qoymaqla yaratdığı reallıqla heç cür barışmaq istəmir. “Ermənidən artıq erməni” olmağa cəhd göstərən Paris birtərəfli qaydada bu ölkəni hələ də dəstəkləməkdə, silahlandırmaqdadır. Fransa artıq keçmişdə qalmış Qarabağ münaqişəsinin nizamlanmasını 30 il ərzində həyata keçirməyə məsul olan keçmiş Minsk qrupunun həmsədri olduğunu belə unudur.

Fakt odur ki, Azərbaycanla Fransanın münasibətləri məhz Makronun idarəçiliyi dövründə mənfiyə düşüb. İndi də durub iddia edir ki, səfirini geri çağırmasına səbəb Azərbaycanın atdığı "birtərəfli" addımlardır. Sanki Azərbaycanda casus şəbəkəsini quran, işğalçını dəstəkləyən, onu silahlandıran ölkə Fransa deyil. Rəsmi Parisin casus şəbəkəsinin fəaliyyət göstərdiyi diplomatik korpusun rəhbəri Ann Buayonu geri çağırması isti olmayan münasibətləri daha da soyudacaq. Bundan zərərçəkən isə Azərbaycan deyil, Fransa olacaq.

İkincisi, Makron hökuməti səfirini geri çağırmasını tutarlı faktlarla əsaslandıra bilməyib. Halbuki, Azərbaycan Fransanın Bakıdakı səfirliyinin əməkdaşlarını persona non-qrata elan edəndə ortaya konkret sübutlar qoymuşdu. Casusluqda ittiham olunaraq həbs edilən şəxsə qarşı da konkret maddələr irəli sürülüb. İttiham olunan şəxsin atası bəyan edib ki, Fransa xüsusi xidmət orqanları oğlunu casusluğa cəlb ediblər. Fransa XİN-in isə bunu etiraf etməyə cürəti çatmayıb.

Yelisey sarayının xarici siyasəti Avropa dəyərlərinə hörməti və dövlətlərin daxili işinə qarışmamağı özündə ehtiva etməlidir. Lakin bunun əksini görürük. Qərəzli addımları heç bir nəticə verməsə də, hökumət ölkəmizə qarşı siyasətini dəyişmir.

Sonda onu da vurğulayaq ki, münasibətlərin pozulmasına səbəbkar olan Parisin indiki “küskün” obrazı sadəcə gülüş doğurur. Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarışılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Amma hansısa ölkə bunun əksini edirsə, Azərbaycana qarşı casusluq şəbəkəsi qurursa, bu, onun öz problemidir. Ona görə də, Fransa hakimiyyətinin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanla Ermənistanı səhv salmasın. Forpost, xaricdən aldığı tapşırıqlara uyğun hərəkət edən İrəvandan fərqli olaraq, rəsmi Bakı müstəqil xarici siyasəti ilə seçilir və heç kimdən asılı deyil. (Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi