Novruz bayramı ərəfəsində Baş prokurorun müavini - respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Şuşa və Xankəndidə yerləşən hissə və bölmələrdə olub.
Xanlar Vəliyev Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birlikdə bayram tədbirlərində iştirak edib.
Hərbçiləri Novruz bayramı münasibətilə təbrik edən X. Vəliyev çıxışında bildirib ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı olaraq yaxşılaşıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhvali-ruhiyyəsi yüksəlib.
Digər çıxış edənlər də xalq-dövlət-ordu həmrəyliyinin gücündən danışıblar.
Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Hərbi prokuror əsgər və zabitlərin qayğı və problemləri ilə maraqlanıb, onlarla birlikdə nahar edib. Hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Tədbirin yekununda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif ağaclar əkilib və Novruz tonqalları alovlandırılıb.