hia.az
hia.az

Yeni müharibəyə hazırlıq gedir: Bəs bu, kimə sərfəlidir? - TƏHLİL

311 dəfə baxılıb 17-08-2021, 07:41

Yeni müharibəyə hazırlıq gedir: Bəs bu, kimə sərfəlidir? - TƏHLİL
Ermənistanın Azərbaycanla sərhəddə və Qarabağda hər gün törətdiyi hərbi təxribatların qarşısı ən sərt şəkildə alına bilər.

Prezident İlham Əliyevin “CNN Türk” telekanalına verdiyi müsahibədə verdiyi siyasi mesajlar Azərbaycanın ata biləcəyi addımları proqnozlaşdırmağa imkan verir. İstər dövlət sərhəddində, istərsə də Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması Ermənistan ordusuna qarşı antiterror əməliyyatlarına başlamaq üçün ciddi zəmin yaradır.
Prezident Əliyevin bu barədə verdiyi açıqlamalar son xəbərdarlıq kimi də dəyərləndirilə bilər. Ölkə baçısının müsahibəsində səsləndirdiyi fikirləri üç prizmadan şərh etmək olar.

Birincisi, Azərbaycan gərginliyin aradan qaldırılması üçün sülh təklif edir. Ermənistanla sülh müqaviləsi imzalanır, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilir. Nəticədə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və dövlət suverenliyini tanıyır. Bu isə bölgədə həm Azərbaycana, həm də Ermənistana fayda gətirə biləcək nəqliyyat-kommunikasiya dəhlizlərinin açılmasına şərait yaradacaq.

Xüsusilə də Zəngəzur dəhlizi vasitəsilə Avrasiya qitəsində tranzit marşrutunun reallaşması yeni ticarət əlaqələrinin inkişafına səbəb ola bilər. Əks təqdirdə, Ermənistanın müharibə siyasətindən əl çəkməməsi belə əhəmiyyətli regional layihələri bloklamağa xidmət edəcək. Bu isə Ermənistanın döyüş meydanında daha ağır zərbə almasına, siyasi və iqtisadi süqutuna səbəb ola bilər.

İkinci və əks ehtimal müharibə variantıdır. Lakin Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibə aparmaq niyyətində deyil. Ermənistanın da döyüş meydanında Azərbaycana qarşı uzun müddət davam gətirə biləcək ordusu qalmayıb. Buna baxmayaraq, Ermənistan öz qoşunlarını Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasından çıxartmasa və dövlət sərhəddində təxribatlara son qoymasa, Azərbaycan BMT Nizamnaməsinin 7-ci maddəsini əsas götürərək sülhə məcburetmə əməliyyatlarına başlaya bilər.

Söhbət ilk növbədə, Qarabağda lokal antiterror əməliyyatlarının başlanılmasından gedir. Ermənistan ordusu zəif duruma düşdüyündən sərhəddə baş verən döyüşlər Ermənistan ərazisinə də keçə bilər. Ona görə də Prezident İlham Əliyev rəsmi İrəvana xəbərdarlıq edərək preventiv zərbələr endiriləcəyini istisna etmədi:

“Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik”, - deyə dövlət baçısı bildirib.

Prezidentin çıxışında diqqəti cəlb edən mühüm mesajlardan biri Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə tənqidi münasibətlə bağlıdır. Dövlət başçısının xəbərdarlığı yalnız Ermənistana deyil, həm də sülhyaratma missiyasını öz üzərinə götürən Rusiyaya da ünvanlanıb.

Moskva 10 noyabr 2020-ci il tarixli bəyanatın həyata keçirilməsini təmin etsə bölgədə sülhə nail olmaq mümkündür. Buna nail olmaq üçün ilk növbədə, bəyanatın 4-cü maddəsinə uyğun olaraq, Ermənistan qoşunları Azərbaycan ərazisini tərk etməlidir.

Eyni zamanda, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizi vasitəsi ilə Ermənistandan hərbçilərin və silahların Qarabağa daşınmasının qarşısını almalıdır. Əks təqdirdə, antiterror əməliyyatlarının başlanması ilə Azərbaycan özü bu prosesi dayandırmaq üçün Laçın dəhlizinə nəzarəti götürə bilər.

“Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib.Amma bəzi məsələlər var ki, hələ də açıqdır”.

Prezident İlham Əliyevin bu sözləri faktiki olaraq, öhdəliyindən yayınmağa çalışan Rusiyaya ciddi siyasi çağırış kimi qiymətləndirilə bilər. Ölkə başçısı bununla Rusiyanı bitərəflik prinsipinə riayət etməyə və Ermənistanı himayə etməkdən çəkinməyə çağırıb. Belə ki, bölgədə Moskvanın yanlış addımları səbəbindən hərbi əməliyyatlar başlasa, 10 noyabr bəyanatı qüvvədən düşəcək.

Bu da öz növbəsində, Rusiya sühməramlı qüvvələrinin bölgəni tərk etməsi deməkdir. Regionda Ermənistan uğrunda Rusiya və Qərb arasında geosiyasi rəqabətin artdığı bir vaxtda hadisələrin belə inkişafı təbii ki, Kreml üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Digər mühüm amil Ermənistanın özünün daxilində anti-Rusiya əhval-ruhiyyəsinin artmasıdır. Qeyd edilən fonda Azərbaycanın hərbi əməliyyatlara başlaması vasitəçi kimi Rusiyaya olan etimadın aradan qalxması deməkdirsə, Ermənistanın ikinci dəfə məğlub duruma düşməsi Moskvanın bölgədəki əsas dayaqlarının sarsılmasına ilə nəticələnmiş olar.

Rusiya isə öz mövqelərini qoruyub saxlamaq üçün yenə də 1990-cı illərin siyasi texnologiyasından istifadəyə qayıdır. Moskva 44 günlük müharibədəki məğlubiyyətdən sonra da realist siyasətə dönmək əvəzinə regiondakı maraqlarını təmin etməyin yolunu Ermənistanı silahlandırmaqda görür.

Texnoloji keyfiyyətinə görə aşağı olan silahları ya kredit hesabına, ya da pay şəklində Ermənistana verməklə bu ölkəni təsir dairəsində saxlayacağını, Azərbaycana da təzyiq vasitəsi əldə edəcəyini düşünür. Rəsmi Bakı isə Moskvanın sovet silahları qədər köhnə taktikasına yaxşı bələddir. Ona görə də Azərbaycanın tələbi qısa və konkretdir. Rusiya Ermənistanı silahlandırmağa son qoymalıdır. Prezident İlham Əliyev bunu açıq mətnlə Rusiyanın diqqətinə çatdırdı.

“Bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi”.

Dövlət başçısının qeyd edilən bu tələbi əslində, Rusiyanı İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqla barışmağa çağırışdır.
Cebhe.info


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi