hia.az

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

26 dəfə baxılıb 2-04-2026, 14:56

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası aşkar edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, bu, qurum tərəfindən aparılan fasiləsiz monitorinq və təhdid kəşfiyyatı fəaliyyəti nəticəsində müəyyən olunub. Belə ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.

İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı ETX vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını açmamaq;

• E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;

• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;

• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;

• Belə hallarla qarşılaşdıqda dərhal ETX-ya məlumat vermək.

Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi