Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb.
Cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub.
Mövcud vəziyyətlə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, suitilərin tələf olması ilə bağlı dərhal əraziyə baxış keçirilib:
"Ölən suitilərdən analiz nümunələri götürmək üçün Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin Xaçmaz Şöbəsinə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz Regional Bölməsinə məlumat veriləcək".
Xatırladaq ki, sonuncu dəfə suitilərin kütləvi ölümü 2022-ci ildə Dağıstanda Xəzər sahillərində qeydə alınıb.