Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib.
Bu barədə "ВЧК-ОГПУ" Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfərinə baxmayaraq, əslində hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505 VSO-nun (Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsi) müstəntiqləri tərəfindən həyata keçirilir.
"Təyyarəyə raket zərbələri endirən “Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir. Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur.
Təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır. Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemidir. Bu, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) istifadə edilərək həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin nədənsə, Qroznu hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb", - deyə Rusiya mənbəsi vurğulayıb.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.