hia.az
hia.az

DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı

67 dəfə baxılıb 2-10-2024, 08:57

DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı

Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə ittiham olunan Emin Qasımzadənin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

İndiki mərhələdə müdafiə tərəfi hər hansı vəsatətlə çıxış etməyib. Sədrlik edən hakim Əli Məmmədovun qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən iş məhkəmə baxışına təyin edilib.

38 yaşlı Emin Qasımzadə istifadəsində olmuş sosial şəbəkə hesabları vasitəsilə Ermənistan tərəfinin rəsmi qurumları ilə gizli əlaqə qurub, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə məlumatlar ötürərkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) diqqətinə düşüb.

O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürərək dövlətə xəyanət etməkdə təqsirləndirilir. Bundan başqa o, qeyd olunan hərəkətlər zəminində həmçinin özünün feysbuk sosial şəbəkəsi hesabında dövlət əleyhinə açıq çağırışlar edib, həmçinin Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçilik yaratmağa yönələn hərəkətlər törədib.

E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu həmin şəxslərin tələblərini yerinə yetirib, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin fotolarını və digər məlumatları göndərib.

DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş Emin Qasımzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə Xəyanət), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi