hia.az
hia.az

“Qarabağ”ın Çempionlar Liqasında gözlənilən uğursuzluğu - SƏBƏBLƏR

42 dəfə baxılıb 3-08-2023, 11:31

“Qarabağ”ın Çempionlar Liqasında gözlənilən uğursuzluğu - SƏBƏBLƏR


Hər seriyanın bir sonu olur. “Qarabağ” indiyə qədər avrokuboklarda dörd dəfə Polşa klubları ilə mübarizədən qalib ayrılmışdısa, beşincidə bunu bacarmadı. Səfərdə “Rakuv”a 3:2 hesabı ilə uduzan “atlılar” Bakıda 1:1 hesablı heç-heçədən artığına nail ola bilməyərək Çempionlar Liqası ilə II təsnifat mərhələsində vidalaşdılar. Komanda yoluna Avropa Liqasının III raundunda davam edəcək və orada Finlandiya HIK-i ilə qarşılaşacaq.

Reallıq hissini itirməyənlər, Azərbaycan futbolunun keçmişinə aşina olanlar, gələcək perspektivindən gözləntilərini haqlı olaraq yüksək tutmayanlar dərk edirlər ki, ölkə çempionunun hər dəfə Polşanın ən güclüsünü keçməsi, sadəcə, mümkün deyil. Lakin “Qarabağ” adına görə “Rakuv” səddinə ilişmək uğursuzluqdur. Üstəlik, bunun eynəksiz də görünən açıq səbəbləri var.

Öncə onu qeyd edək ki, mərhələ böyük ehtimalla hələ Çenstoxovada Şahruddin Məhəmmədəliyev qapıda “hoqqa verərkən” uduzulmuşdu. Əlbəttə, şans var idi, lakin komanda işini çətinə salmışdı və möhkəm rəqiblə qarşılaşmada yaradıcılıq problemləri ilə üzləşmiş, tam hazır olmayan “Qarabağ”ın işinin çox çətin olacağı aydın idi.

Digər səbəblər isə fərdlərlə bağlı deyil, kompleks halındadır.

“Qarabağ”ın heyətində çox ciddi dəyişikliklər baş verib. Düzdür, sistem olduğu kimi qalır, lakin icraçıların fərqli olması vəziyyəti klub üçün qəlizləşdirir. Komandanın son bir neçə ayda itirdiyi bir neçə adı çəkmək kifayət edir ki, vəziyyət bəlli olsun. İbrahima Vadji, Kadi Borges, Ramil Şeydayev... Buraya Şeydayevlə birgə ötən mövsümü bombardirlər sırasında tamamlayan Musa Qurbanlını da əlavə etmək lazımdır. Eyni zamanda, Qara Qarayev “Neftçi”yə keçib. Hər nə qədər son zamanlar daha çox ehtiyat oyunçu hesab edilsə də, Qarayev önəmli fiqur idi.

Əsas problem gedənlərin boşluğunun doldurula bilməməsidir. Düzdür, transferlər edilir, lakin gələn futbolçular ya keyfiyyətcə əvvəlkilərdən aşağı səviyyədə olur, ya da hazırlıq problemləri yaşayırlar.

Son zamanlar “Qarabağ”a transfer edilən oyunçulardan yalnız Redon Cica özünü yaxşı tərəfdən göstərməyi bacarır. Diqqət edilməli məqam onun buraya gəlməzdən öncə Albaniya “Tirana”sında daim oynamasıdır. Cica hazır gəlmişdi və tez bir zamanda burada özünü göstərməyi bacardı.

Adama Diakabi, Yassin Benzia, Juninyo, Patrik Andrade kimi oyunçular isə heç cür formaya düşə bilmirlər. Xüsusən ilk ikisi komandaya gələndə uzun müddət futbolsuz qalmışdılar. Düşünülürdü ki, onlar məhz bu avrokubok mövsümü üçün hazırlanırlar. Lakin görünən qədər bu plan effekt vermədi. Düzdür, Benzia müəyyən qədər formaya düşüb, lakin heç o da ən yaxşı oyununu göstərməyi bacarmır. Bu yay gətirilən Juninyo ilə Andradeyə hələ vaxt lazım olacaq. Müəyyən müddət sonra onların komandaya keyfiyyət qatacağına isə zəmanət vermək olmaz. Hamidu Keyta isə görünən qədər “Qarabağ”ın əsas heyətində oynayacaq səviyyədə futbolçu deyil.
Beləliklə, liderlər əldən verilib, onların əvəzinə hazır olmayan futbolçular transfer ediliblər. Bəli, Azərbaycana keyfiyyətli futbolçular transfer etmək asan deyil, lakin klub artıq bu baryeri aşmalı idi. Çünki “Qarabağ” mütəmadi avrokubokların qrup mərhələsində çıxış edir. İndi perspektivli futbolçular buraya bir növ tramplin kimi yanaşmalı, özlərini göstərmək üçün şans olaraq görməli idilər.

“Rakuv” güclü, möhkəm komanda idi, lakin keçilməz deyildi. Sadəcə, rəqibin intizamlı müdafiəsini yarmaq üçün “Qarabağ”ın hücum xəttində fantaziya olmadı. Azarkeşlərin təbirincə getsək, bir Kadi olsaydı, nəticə tam fərqli olardı. “Qarabağ” kimi klubun oyunun gedişatına təsir edə biləcək ehtiyat qüvvəsinin olmaması azarkeşlərin haqlı iradlarına səbəb olur. Məsələ həm də ondadır ki, komanda start heyətini çətinliklə formalaşdırır. Hədəfi Çempionlar Liqasının qrupu olan klubda vəziyyət belə olmalı deyil.

Qurban Qurbanov “Avrokuboklarda əldə edilən maliyyə hara xərclənir?” kimi suallardan inciməməlidir. Ümumiyyətlə, çalışdırıcı yalnız bəzən əvəzetmələrin anlaşılmaması, bəzi hallarda gedişatı dəyişmək üçün lazımi müdaxilələr edilməməsinə görə tənqid edilə bilər. Lakin transfer fəaliyyətində xəsislik ümumən klub ətrafında formalaşan mənfi imicdir. Futbol biznesdir. Təbii ki, “Qarabağ” futbolçu satacaq, pul qazanacaq. Lakin artıq yaxşı skaut sistemi olmalı, gedənlərin boşluğu daha yaxşıları, perspektivliləri ilə doldurulmalı idi. Bu, gələcəkdə həmin oyunçuların da daha yüksək qiymətə satılması ilə nəticələnə bilər. Avropada “Qarabağ” səviyyəsində, hətta daha zəif klublar strategiyanı məhz bu cür qurur, maliyyə vəziyyətini yaxşılaşdırır və uğur qazanırlar. Avrokuboklardan gələn vəsaitlə bağlı deyilənlər ittiham yox, daha çox irad xarakterli qəbul edilməlidir.

“Qarabağ” toxunulmaz deyil, tənqid edilə bilər. Amma sanki klubda və komandada elə ab-hava yaranıb ki, Azərbaycan futbolu üçün yeni səviyyəyə çatıblar, əldə edilən uğurlara görə heç kəs kluba “gözünün üstündə qaşın var” deməyəcək. Bu, kökündən yanlışdır və inkişafa mane olur.

Hər halda, komanda Çempionlar Liqasından kənar qalsa da, avrokubok macərası davam edir. “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək və orada qrup mərhələsinə düşmək üçün real şans var. İndi transferlərdə hərəkətlilik lazımdır. Hələ vaxt var, güclənmə və heyət quruculuğunda daha diqqətli olmaq mütləqdir. Səhvlərə ilişib qalmaq yox, onlardan nəticə çıxarmaq lazımdır.

Oxu.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi