hia.az
hia.az

Xankəndi nə zaman BÖYÜK EVƏ QAYIDIR? - GƏLİŞMƏ

121 dəfə baxılıb 29-08-2022, 12:47

Xankəndi nə zaman BÖYÜK EVƏ QAYIDIR? - GƏLİŞMƏ


Ermənistanda dövlətçilik üçün ən ciddi təhlükələrdən biri də ölkədaxili ziddiyyətlər hesab oluna bilər. Çünki, Ermənistanın bundan sonra hələ uzun müddət daxili qarşıdurma mərhələsində ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, savaş meydanında və diplomatiya masası arxasında uğradığı ağır məğlubiyyətlərin real təsirlərinin artıq Ermənistanın daxilinə sıçradığı açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, indi Ermənistan cəmiyyəti hərbi və diplomatik məğlubiyyətlərə günahkar axtarışındadır. Paşinyan hakimiyyəti özündən əvvəlki iqtidarı - Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanını suçlayır. Qarabağ klanı isə Paşinyan hakimiyyətini Ermənistanın bütün biabırçı məğlubiyyətlərinin yeganə baiskarı hesab edir.

Üstəlik, bu qarşıdurma hər ötən gün daha da güclənərək, intensivləşir. İndi Ermənistan yeni siyasi böhrana sürətlə yaxınlaşır. Buna əlavə olaraq, 10 milyard dollar xarici borcu olan Ermənistanda maliyyə-iqtisadi böhranın da qaçılmaz olduğu artıq şübhə doğurmur. Yəni, Ermənistanı yaxın vaxtlarda dərin daxili xaos gözləyir.

Təbii ki, Ermənistanın indiki vəziyyəti erməni diasporunu da sarsıtmağa başlayıb. Erməni diasporu son vaxtlar Ermənistanın düşdüyü durumdan xilas edilməsində aciz duruma düşüb. Adətən, ənənəvi "erməni xəyalları" uğrunda mübarizəni lobbiçilik fəaliyyəti üzərində quran erməni diasporu artıq bu istiqamətdə elə bir ciddi uğur qazana bilmədiyindən, küçələrə çıxmaq məcburiyyətində qalıb.

Xüsusilə də, ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatları küçə aksiyalarına üstünlük verməyə başlayıb. Belə ki, Nyu-Yorkun erməni diasporu BMT-nin binası qarşısında Rusiya, Türkiyə və Azərbaycan əleyhinə aksiya keçiriblər. Onların əsas tələbi Qarabağdan rus sülhməramlıların çıxarılması və əvəzində beynəlxalq sülhməramlıların yerləşdirilməsidir.

Təbii ki, ermənilərin Azərbaycan və Türkiyəyə qarşı münasibəti elə bir təəccüb doğurmur. Ancaq Rusiyanın açıq hədəfə alınması bir qədər gözlənilməz xarakter daşıyır. İndi erməni toplumu Rusiyanı Ermənistanın məğlubiyyətlərində əsas xarici günahkar kimi qəbul edir. Və ermənilər arasında Rusiya əleyhinə əhval-ruhiyyə güclənərək, dərinləşir.

Halbuki, cəmisi bir neçə ay əvvələ qədər erməni siyasi elitası Rusiyanı Ermənistanın təhlükəsizlik maraqlarının əvəzolunmaz qarantı elan edirdilər. Rus sülhməramlıların missiyasının müddətinin uzadılmasında israrlı mövqe tuturdular. Hətta unudurdular ki, rus sülhməramlıların missiyasını uzatmaq və ya onları Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxartmaq birmənalı şəkildə rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Və bu baxımdan, beynəlxalq sülhməramlılar barədə tələblər də sadəcə, ənənəvi "erməni xəyalı"ndan başqa bir şey deyil.

Məsələ ondadır ki, rus sülhməramlıların nə vaxt çıxarılacağının Ermənistana və ermənilərə heç bir aidiyyatı yoxdur. Rəsmi Bakı vaxtı çatanda bu məsələni Azərbaycanın maraqları çərçivəsində həll edəcək. Rəsmi İrəvan və ermənilər indi daha çox Azərbaycan ərazisindən Ermənistan silahlı birləşmələrinin tez bir zamanda çıxarılması barədə düşünməlidirlər. Və Kremlin rəsmi İrəvana üçtərəfli anlaşmaların icrasının vacibliyini xatırlatması da Rusiyanın bu mövqedə olduğunu göstərir.

Kremlə yaxınlığı ilə diqqəti çəkən politoloq İqor Korotçenko da vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərində qanunsuz olaraq, qalan silahlı dəstələrini dərhal çıxartmalıdır: "10 noyabr 2022-ci il tarixinə qədər Azərbaycan ərazisində bir nəfər də silahlı erməni qalmamalıdır. Buna paralel olaraq, Qarabağda olan bütün separatçı qurumlar ləğv olunmalıdır və onların funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər".

İqor Korotçenko onu da qeyd edib ki, Qarabağda yalnız Azərbaycan vətəndaşlığını qəbul edən silahsız və dinc ermənilər qala bilər: "Müəyyən yoxlama prosedurlarından sonra Qarabağda qalmaq hüququ qazanacaq dinc ermənilərin təhlükəsizliyi isə Rusiya sülhməramlıları və Azərbaycan Daxili İşlər Nazirliyinin qüvvələri qorumalıdır".

Təbii ki, Ermənistanda Rusiyanın üçtərəfli anlaşmaların icrasında israrlı mövqe tutmasından həm məyusdurlar, həm də ciddi şəkildə narazıdırlar. İrəvanda nəşr olunan "Lragir" qəzeti hesab edir ki, Rusiya Ermənistan ilə açıq qarşıdurma mərhələsinə start verib: "Zaman keçdikcə, aydınlaşır ki, Rusiyanın Ermənistana münasibəti ermənilərin kölə edilməsinə hədəflənib. Ona görə də, Rusiya Ermənistanı xaosa sürükləməyə çalışır".

Ermənistan mətbuatı son vaxtlar Rusiya ilə münasibətlərin hərbi müttəfiqlik çərçivəsindən ciddi şəkildə kənara çıxdığını vurğulayır. İddia olunur ki, münasibətlərin korlanmasından sonra Kreml rəsmi İrəvana öz davranışlarına diqqət edərək, ehtiyatlı olmağı "məsləhət" görür. Və Rusiya hazırda əsasən rəsmi İrəvanın Kremllə Qərb arasında prinsipial seçim etməkdən yayınmağa çalışmasından ciddi şəkildə narazıdır.

Erməni politoloq Vaqe Ovannisyan isə Ermənistanın son vaxtlar çox təhlükəli daxili qeyri-sabitlik dönəmindən keçdiyini düşünür. Onun fikrincə, ölkə daxilində baş verən qorxunc hadisələrin bir çoxu rəsmi İrəvana yönəlik xarici xəbərdarlıq mesajıdır: "Əgər, bu mesajların əsas məqsədini düzgün anlamasaq, Ermənistan uzun müddət bu dəhşətli mərhələdən çıxa bilməyəcək".

Bütün bunlar onu göstərir ki, Ermənistan ABŞ və Qərb ilə Rusiya arasında "sürüşkən siyasi oyun" qurmaq cəhdləri nəticəsində Kremlin dəstəyini demək olar ki, tamamilə itirmək üzrədir. Belə vəziyyət istər-istəməz Azərbaycanın Xankəndi və ətraf bölgəsində mövcud olan bütün situasiyaya da birbaşa təsir göstərir.

Vaxtilə rus sülhməramlılara güvənən ermənilər indi Xankəndi və ətraf bölgədə qalmaq və ya getmək arasında seçim etmək məcburiyyətindədir. Bu bölgədəki ermənilər də artıq anlayırlar ki, ümumerməni propoqandasının girovuna çevriliblər. Hətta Xankəndidə bir çoxları əmindirlər ki, Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpa olunacağı gün o qədər də uzaqda deyil. Və bu, ermənilərə də 30 il xəyal etdikləri normal həyat şansı verə bilər.

Məsələ ondadır ki, İrəvanda da hər halda, Qarabağ ermənilərinə Ermənistanda təminat vəd edirlər. Ancaq indiyə qədər Paşinyan hakimiyyətinin verdiyi vədləri necə "yerinə yetirdiyini" Xankəndi və ətraf bölgədə yaşayan ermənilər hamıdan yaxşı bilirlər. Hətta rəsmi İrəvanın Ermənistana köçən ermənilərin ölkəni tərk etmələri üçün sosial və psixoloji təzyiqlər göstərdiyi də artıq kimsəyə sirr deyil. Və belə vəziyyətdə Ermənistana getmək əvəzinə Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağda yaşamaq real alternativ olaraq, diqqəti çəkir.

Ancaq bütün bunların baş verməsi üçün əvvəlcə Ermənistan silahlı birləşmələri Xankəndi və ətraf bölgədən çıxarılmalıdır. Ardınca erməni separatçıların silahlı terrorçu dəstələri də tərksilah olunmalıdır. Və separatçı-terrorçuların hamısı Azərbaycan ərazisini tərk etməlidirlər.

Böyük ehtimalla bütün bu proseslər yaxın aylarda reallığa çevrilə bilər. Hər halda, rus politoloqun da dediyi kimi, bu il 10 noyabra qədər bu istiqamətdə olduqca ciddi irəliləyişlər ola bilər. Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın problemi həll edildiyindən, indi rəsmi Bakının hədəfi birbaşa Xankəndidir. Və Kremlin də rəsmi Bakının hədəflərinə loyal yanaşdığını nəzərə aldıqda, Xankəndidə Azərbaycan bayrağının yaxın aylarda dalğalanacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi