Şamaxıda yeniyetmələrin boğulduğu qanunsuz çimərlik kimə məxsusdur? - Video
126 dəfə baxılıb
21-07-2022, 17:36
Xəbər verdiyimiz kimi dünən Şamaxıda üç yeniyetmə oğlan süni göldə boğulub. Onlardan ikisi həyatını itirib, birini isə həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.
Belə ki, Əngəxaran kənd sakinləri, 16 yaşlı Ağaqardaş Rəhimov və 14 yaşlı Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğularaq ölüblər.
“Qafqazinfo” yeniyetmələrin boğulduğu süni göllə bağlı bəzi məlumatlar əldə edib.
Məlum olub ki, həmin göl Şamaxının Çuxuryurd kəndi ilə Qızmeydan kəndi arasından keçən Pirsaat çayının yatağında iki həftə əvvəl yaradılıb. Gölün çimərlik məqsədilə istifadə olunmasına başlanılıb və giriş üçün adambaşı əvvəlcə 10 manat təyin olunsa da, sonradan qiymət 5 manata salınıb. Çimərlik ərazisinə giriş-çıxış şlaqbaumları qoyulsa da, bütün ərazidə xidmət kustar üsullarla həyata keçirilir.
Oradan turistlər və ətraf kəndlərin sakinləri çimərlik kimi istifadə etməyə başlayıblar. Lakin ərazidə təhlükəsizliyə riayət olunması, xilasetmə avadanlığı və xilasedicilərlə bağlı heç bir tədbir görülməyib. Təxminən 100 metr diametrdə yaradılan çimərliyin dərinliyi 1,5-1,8 metr təşkil edir.
Qeyd edək ki, sözügedən gölə Pirsaat çayının istiqaməti dəyişdirilərək axın təşkil olunur. Çayın kənarında qazılmış arxla su gölə axıdılır. Digər tərəfindən isə çıxış yaradılaraq ərazidə yaradılan başqa göllərə axın təmin olunur.
Məlumat üçün bildirək ki, həmin ərazidə çınqıl-şebel istehsal edən böyük bir zavod da fəaliyyət göstərir. Çimərliklə yanaşı, ərazidə insanların balıq ovu ilə məşğul olması üçün süni şəkildə bir neçə balıq gölü də yaradılıb. Hazırda həmin göllərdə istirahət qurğularının tikintisi aparılır.
Baş vermiş hadisə və yaranmış vəziyyətlə bağlı artıq Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı “Qafqazinfo” bir neçə dövlət qurumuna da sorğu ünvanlayıb.
Şamaxı Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən gölün yaradılması ilə bağlı İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb: "Həmin gölün sahibkar Sərxan Osmanova məxsus olduğu aşkar edilib. Gölün yaradılması zamanı İcra Hakimiyyətindən icazə alınmayıb. Göl karxana ərazisində qanunsuz fəaliyyət göstərib".
Qeyd edək ki, sözügedən ərazidəki göllər və zavodun SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus olması ilə bağlı da məlumatlar var. Sərxan Osmanovun isə orada icraçı olduğu bildirilir.