hia.az
hia.az

"Naxçıvanın bütün strukturları yoxlanmalıdır, nəhəng cinayətlər ortaya çıxacaq" - AÇIQLAMA

66 dəfə baxılıb 25-11-2022, 22:25

"Naxçıvanın bütün strukturları yoxlanmalıdır, nəhəng cinayətlər ortaya çıxacaq" - AÇIQLAMA


"Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyata nəzər salsaq, burada hər şey qanuna uyğun baş verib".

Bu sözləri "Unikal"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, uzun illərdir Naxçıvan faktiki olaraq Azərbaycana tabe olmur:

"Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından fərqli digər sərəncamlar verilir. Naxçıvanda xalqın hüquqlarının kobud şəkildə pozulması, insanların təqiblərə məruz qalması, incidilməsinə dair minlərlə faktlar var. Bu faktlar Naxçıvanda vəziyyətin olduqca ağır olduğunu göstərir.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatdan sonra da məlum oldu ki, Naxçıvanda aparılan bu siyasətin məqsədi korrupsiyanı sərbəst şəkildə həyata keçirmək olub. Mən DTX-nin əməliyyatlarının milli maraqlarımıza uyğun bir iş hesab edirəm.

Naxçıvana formal olaraq muxtariyyət verilib. Lakin, Naxçıvan rəhbərliyi həmin muxtariyyətin sərhədlərindən çıxaraq həddən artıq çox səlahiyyətləri mənimsəyib. Naxçıvan Muxtar Respublikası Azərbaycandan qopmuş şəkildə fəaliyyət göstərir. Azərbaycan və Naxçıvanın dövlət quruluşları da fərqlidir. Azərbaycan Prezidentli Respublikadır, Naxçıvan isə parlamentli Muxtar Respublikadır.

Düşünürəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin belə əməliyyatları Naxçıvanın bütün strukturlarında aparılmalıdır. Bu əməliyyatlar nəticəsində nəhəng cinayətlərin aşkarlanacağı şübhəsizdir", - deyə partiya sədri qeyd edib.

Xatırladaq ki, noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Naxçıvan Muxtar Respublikası DGK-nin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu həbs edilib.

Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi