hia.az
hia.az

Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”

3 dəfə baxılıb 21-09-2022, 14:44

Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”


Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi. “Məhdudiyyətlər qüvvəyə minəndən bəri Qazaxıstan ixracatçıları buğda ixracat kvotalarının 83 %-ni və buğda unu ixracat kvotalarının 66 %-ni istifadə ediblər”, - FAS USDA hesabatında deyilir.

Nazirlik bildirir ki, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 %-i biçilib. Orta məhsuldarlıq keçən illə müqayisədə 30 % çoxdur. Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb olub.

Avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib. Xatırladaq ki, Qazaxıstan Azərbaycana buğda idxal edən ölkələr sırasında ikinci yerdədir. Son dövrlərdə ərzaq buğdası ilə bağlı dünya bazarlarında problem yaranmışdı. Əsas taxıl ixracatçılarından olan Rusiya hökuməti cari ilin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına qadağa qoymuşdu.

Eyni zamanda, Qazaxıstan da ixraca məhdudiyyət tətbiq etmişdi. Digər ixracatçı ölkə olan Ukraynanın isə ixrac imkanları məhdud olduğundan ərzaq buğdası anbarlarda qalmışdı. Son günlər isə bu istiqamətdə atılan addımlar nəticəsində Ukraynadan ixrac imkanları yarandı.

Ümumilikdə isə ixracın məhdud olması dünya bazarlarında ərzaq buğdasının qiymətinin artmasına ciddi təsir etmişdi. Hazırda isə ərzaq buğdası ixracı istiqamətində irəliləyişin olması, o cümlədən

Qazaxıstanın məhdudiyyəti aradan qaldırması dünya bazarlarında, o cümlədən ölkəmizdə qiymətlərə təsir edəcəkmi? İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Qazaxıstanın bu addımı yaxşı göstəricidir və dünya bazarlarında hansısa ölkənin kvotanı ləğv etməsi ilə “vulkanik panika”nın aradan qaldırılması deməkdir:

“Əslində bu gün tələblə təklif arasında buğda dünyasında elə də ciddi disbalans yoxdur. Sadəcə olaraq Rusiya ilə Ukrayna arasında olan müharibə, yəni birinci ixracatçı ilə birinci yeddiliyə daxil olan ixracatçı arasında belə bir münaqişənin olması dünya bazarlarında buğdanın kəskin bahalaşmasına gətirib çıxarmışdı. Hətta bir çox ölkələr, məsələn, Hindistan daxili tələbatı yüksək olmasına baxmayaraq, cari ilin I rübündə özünü ixracatçı elan etmişdi, ancaq münaqişədən sonra ixracı dərhal dayandırıb ixrac potensialını geri çəkmişdi. Bunlar hamısı dünya bazarlarında panika yaratmışdı və buğda qiymətləri idarəolunmaz səviyyədə yüksəlmişdi. Ancaq bu gün mövcud vəziyyət tənzimlənir, mövsüm gəlir, görürlər ki, tələbat təklifi üstələmir. Bu gün adekvat bazar normallaşır və görürük ki, Qazaxıstan kvotasını götürür”.

Ekspert bildirib ki, bu, Azərbaycan üçün çox əlverişlidir:

“Nəzərə almaq lazımdır ki, üç ölkə Azərbaycana buğda idxalı üçün əlverişli hesab edilir. Bunlar Rusiya, Ukrayna və Qazaxıstandır. Bu gün Qazaxıstandan məhsulun gəlməsi ilə risklərimizi diversifikasiya etmiş oluruq”.

Qiymətlərə gəldikdə isə ekspert deyir ki, qiymət əsasən dünya birjalarınna bağlıdır:

“Ancaq bu artım növbəti mərhələdə buğdanın qiymətinin öz dayanıqlılığında qalması, daha da bahalaşmamasına şərait yarada biləcək bir amildir. Əgər belə olsa, biz də yəqin ki, ucuz məhsul alacağıq. Qiymətlərdə kəskin ucuzlaşma baş verərsə, Azərbaycan hökuməti də çörək məhsullarının ucuzlaşması istiqamətində addım atacaq. Əgər birjalarada ucuzlaşma müşahidə edilərsə, ən azından dövlət nəzarəti baxımından bu strateji məsələni müsbətə doğru həll edəcək”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi