İran və ABŞ arasında atəşkəs rejimi "istənilən anda pozula bilər".
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bəyan edib.
Onun sözlərinə görə, İsrail ABŞ Prezidenti Donald Trampın İran limanlarına dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyir.
"İran Pakistandakı sülh danışıqlarının şərtlərini pozdu, Prezident Tramp hərbi-dəniz blokadası tətbiq etmək qərarına gəldi", - Netanyahu bildirib.
O, həmçinin iki ölkənin "daimi koordinasiya"da olduğunu söyləyib. Netanyahu ABŞ ilə İsrail arasında siyasi fikir ayrılıqlarının yarandığına dair şayiələri də təkzib edib.
"Aramızda fikir ayrılıqları olduğuna dair iddialar tamamilə həqiqətə uyğun gəlmir. Əksinə, ABŞ Prezidenti və onun komandası ilə gündəlik əlaqələrimizdə iştirak edən hər kəs bunu təsdiq edə bilər. Belə bir koordinasiya səviyyəsi əvvəllər heç vaxt olmayıb", - o deyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali lideri Əli Xameneyi öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb.
Qeyd edək ki, Tramp dünən ABŞ hərbçilərinin bazar ertəsi, aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Hörmüz boğazını bağlamağa başlamağı planlaşdırdığını bəyan edib.