Azərbaycanda Əməkdar artist VƏFAT ETDİ
Tanınmış müğənni, Əməkdar artist Sahibə Əhmədova vəfat edib.
İfaçı xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, müğənni "Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı kimi şöhrət qazanıb.
O bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə məşhurlaşmışdı.
Sahibə Əliqulu qızı Əhmədova 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast” ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub.
1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb.
Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin "Şah İsmayıl” operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da "Səhnəmizin Ərəbzəngisi” adını qazanıb.
Sonralar opera səhnəsində silsilə ana obrazlarında çıxış edib. Ü.Hacıbəylinin "Leyli və Məcnun” operasında Leylinin anası, Məcnunun anası, Z.Hacıbəyovun "Aşıq Qərib” operasında Qəribin anası, Ş.Axundovanın "Gəlin qayası” operasında Camalın anası, R.Mustafayevin "Vaqif” operasında qarı və s.
Operanın nəzdində respublikamızın hüdudlarından kənarda Rusiya, Bolqarıstan, Türkiyə kimi bir çox ölkələrdə qastrol səfərlərində olub. Həmçinin Sahibə xanım M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olaraq bir çox dövlət səviyyəli tədbirlərin və konsert proqramlarının iştirakçısı olub.
Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə xanımın ifasında "Bayatı-Şiraz”, "Çahargah”, "Şur”, "Segah”, "Orta Mahur”, "Mahur-hindi”, "Rahab”, "Bayatı-kürd”, "Qatar”, "Şahnaz” muğam dəstgahları, "Qarabağ şikəstəsi”, "Arazbarı”, "Simayi-Şəms” kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır. Sahibə xanım "Uca dağlar”, "Ahu kimi”, "Alma almaya bənzər”, "Dağlardan aşdım” və s. xalq mahnılarını böyük şövqlə ifa edib. Uzun illər göstərdiyi fəaliyyətin nəticəsi olaraq bir çox diplom və fəxri fərmanlarla təltif olunub. 16 sentyabr 2006-cı il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar artist” fəxri adına layiq görülüb. 3 övladı var.
Allah rəhmət eləsin.