Azərbaycan Prezidenti İlham Əliyev Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli Arif müəllim!
Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.
Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır.
Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır.
Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir.
Əziz Arif müəllim!
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".